İkitərəfli münasibətlər
Ticarət və iqtisadi sahədə əməkdaşlıq

Ticarət və iqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə  arasında iqtisadi sahədə əməkdaşlıq yüksələn temp ilə inkişaf edir. Azərbaycan və Çin arasında qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiya və innovasiyalara, süni intellektə yönəlmiş birbaşa investisiyaların cəlb edilməsi, alternativ və bərpa olunan enerji, “ağıllı şəhər”, “yaşıl şəhər” layihələri üzrə birgə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

 

Çin Azərbaycanın əsas idxal mənbəyidir və ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin ümumi həcmi 2023-ci ilə nisbətdə 20,7% və ya 643.2 milyon ABŞ dolları artaraq 3.744 milyard ABŞ dolları təşkil etmişdir. O cümlədən idxalın həcmi 3.725 milyard ABŞ dolları, ixracın həcmi 19.7 milyon ABŞ dolları təşkil etmişdir, xarici ticarət saldosu isə mənfi 3.528 milyard ABŞ dolları olmuşdur.

 

 

 

İxracda əsas məhsullar: Neft koksu, ilkin formalı polietilen, reaktiv kerosin yanacağı, yod, qlikozidlər, onların duzları və efirləri, şokolad, оptik, tibbi, tiofenləşmiş yağlar və duzlar, nar şirəsi, üzüm şərabı, qara metallardan məmulatlar.

İdxalda əsas məhsullar: Mexanizm, elektrotexniki avadanlıq və hissələri, qara metallar və onlardan məmulatlar, yerüstü nəqliyyat vasitələri və hissələri, əczaçılıq məhsulları, оptik, tibbi, fotoqrafik və dəqiq cihazlar, paltar və geyim ləvazimatları, plastiklər, kauçuk, rezin və onlardan məmulatlar (əsasən təzə avtomobil şinləri), digər kimya sənayesi məhsulları, lampalar və işıqlandırıcı avadanlıqlar, ayaqqabılar, getrlər və analoji məmulatlar, azqiymətli metallardan alətlər və məmulatlar, kağız və karton və ondan məmulatlar, oyuncaqlar, oyunlar və idman inventarı.

 

Çinin müxtəlif regionlarında açılmış Azərbaycan Ticarət və Şərab Evləri ikitərəfli ticarət əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Bu xüsusda, Çinin Pekin, Şanxay, Urumçi, Çindao, Lyanyunqan, Nankin və Canciyaciye şəhərlərində Azərbaycan Ticarət və ya Şərab Evləri təsis olunmuşdur. Həmçinin, Çinin məşhur “JD” onlayn satış platformasında açılmış Azərbaycan Ticarət Evində də ölkəmizdə istehsal olunan yüksək keyfiyyətli məhsulların onlayn satışı həyata keçirilir.

 

Azərbaycan Respublikası “Kəmər və Yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir və əminliklə qeyd etmək olar ki, Çindən sonra Azərbaycan bu layihənin həyata keçirilməsinə həm öz ərazisində, həm də onun hüdudlarından kənarda ən çox sərmayə qoymuş ölkədir.

 

Tarixən Şərqlə Qərb arasında birləşdirici əlaqə olan Azərbaycan nəqliyyat-logistika marşrutlarının diversifikasiyasına öz sanballı töhfəsini verir. Təcrübədə artıq müəyyən edildiyi kimi, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən optimal və təhlükəsiz marşrut kimi formalaşıb. 2024-cü ilin 9 ayında Azərbaycan və Çin arasında tranzit daşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 78% artım göstərərək 277 min ton olmuşdur. Sözügedən konteynerlərin Azərbaycan üzərindən Gürcüstan limanlarına çatdırılma müddəti 12 günə düşmüşdür.

 

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası fəaliyyət göstərir.

Komissiyanın həmsədrləri

Azərbaycan Respublikası tərəfdən: Baş nazirin müavini Şahin Mustafayev

Çin Xalq Respublikası tərəfdən: Kommersiya nazirinin müavini Lin Ci

Komissiyanın 10-cu iclası 16 aprel 2025-ci ildə Bakı şəhərində keçirilmişdir.

 

 

 

 

 

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti