news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2025

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Çin ictimaiyyətinin nümayəndələrinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, Türkiyənin və Pakistanın Pekindəki hərbi attaşelərinin iştirak etdikləri mərasimdə əvvəlcə Səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Səfir Bünyad Hüseynov Anım Gününün xalqımız üçün böyük əhəmiyyətinə toxunaraq bildirmişdir ki, bu tarix Qələbəyə aparan yolun başlanğıc günü olmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumuna cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisini və mülki əhalini qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən Vətən Müharibəsində əldə olunan zəfər nəticəsində Azərbaycan təxminən 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərini azad etmişdir. Vətən müharibəsində mərdliklə döyüşən bütün əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümayiş etdirmişdir. Qələbəmiz qəhrəman əsgər və zabitlərimizin, bizim üçün əbədi yaşayacaq şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına əldə olunmuşdur. Bu, təkcə Azərbaycanın hərbi qələbəsi deyil, həm də Cənubi Qafqaz regionunda tarixi ədalətin bərpası və beynəlxalq hüququn təmin olunması idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın birliyi və ordumuzun rəşadəti ilə yazılmış bu şanlı tarix həm Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi üçün, həm də regionda dayanıqlı və uzunmüddətli sülh, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün möhkəm bünövrədir.

Səfir həmçinin işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs etmiş, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətlə qayıdışı üçün “Böyük Qayıdış” proqramının sürətlə icra edildiyini diqqətə çatdırmışdır.

Vətən müharibəsinin iştirakçısı, Azərbaycanın Çindəki hərbi attaşesi Teyfur Rüstəmov 44 gün davam edən bu müharibənin xalqımızın həmrəyliyinin, qəhrəmanlığının və mübarizə əzminin təcəssümü olduğunu bildirmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Suqovuşan və nəhayət, Qarabağın tacı Şuşa şəhərini işğaldan azad etdiyini, igid zabitlərimizin və əsgərlərimizin canı, qanı bahasına şanlı Azərbaycan Bayrağının doğma torpaqlarımızda yenidən dalğalandığını bildirən hərbi attaşe bu Zəfərin həm də böyük tarixi ədalətin bərpası, xalqımızın milli ruhunun yüksəlişi olduğunu diqqətə çatdırmışdır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti