Çin Xalq Respublikasında dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları
Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Çin Xalq Respublikasında (ÇXR) dünyaya gəldiyi halda və ÇXR qeydiyyat idarələri tərəfindən ona doğum haqqında şəhadətnamə verildiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən onun doğumunun qeydiyyata alınması üçün aşağıda göstərilən sənədlər Səfirliyin konsulluq bölməsinə təqdim edilməlidir. Sənədlər Səfirliyin konsulluq bölməsinə daxil olduqdan sonra aidiyyəti üzrə icraata götürülür və doğumun qeydiyyata alınması və Fərdi İdentifikasiya Nömrəsinin (FİN) verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Diqqət! Tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda müraciət qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır (sənədlər poçtla Səfirliyin konsulluq bölməsinə göndərilə bilər).
Diqqət! Bununla yanaşı, ÇXR-də dünyaya gəlmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün tələb olunan sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir.
Doğumunun qeydiyyata alınması üçün tələb olunan sənədlər:
- Ərizə;
- ÇXR-də müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilən doğum haqqında tibbi şəhadətnamə;
- Hər iki valideynin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) surəti;
- Nikah haqqında şəhadətnamənin surəti.
Diqqət: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və elektron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.
Qeyd: Tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə şəxsən təqdim edilməsi və ya poçt vasitəsilə göndərilməsi mümkündür.
Şəxsən təqdim edildiyi halda: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: İş günləri saat 10:00-dan - 12:30-dəkdir.
Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə səfirlik hər hansı məsuliyyət daşımır.
Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və elektron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.
Qeyd: Doğumun qeydiyyata alınması, FİN-in verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi 2 (iki) ayadək davam edə bilər (FİN nömrəsinin və vətəndaşlıq mənsubiyyətinin cavabları vətəndaşlar tərəfindən iki ay müddətindən sonra elektron poçt (mailbox@azerbembassy.org.cn) vasitəsilə sorğu edilə bilər). FİN nömrəsi və vətəndaşlıq mənsubiyyəti arayışı əldə edildikdən sonra ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ üçün Səfirliyin konsulluq bölməsinə müraciət etmək mümkündür.
Diqqət! Pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu yalnız əvvəlcədən görüş vaxtı təyin olunmaqla aparılır.