Azərbaycan və Çin arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir. Heydər Əliyev Fondu ölkələrimiz arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi hesab edilir və “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələri uğurla icra edir. Anhuy əyalətinin Benbu şəhərindəki “Qədim Məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonu Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini Çin ictimaiyyətinə tanıdır. 2023-cü ilin aprel ayında Hebey əyalətinin Lanfan şəhərində İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan-Çin Dostluq Konserti” keçirilmişdir. 2023-cü il iyul ayında isə Şəkidə keçirilmiş “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında Çin musiqiçiləri iştirak etmişdir. Həmçinin, 2023-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti nümunələrinin sərgisi təşkil olunmuşdur.
Ümumi dəyərlər sayəsində xalqlarımız bir-birini mədəniyyət və incəsənət vasitəsilə duya bilir. Çin xalqı hələ ötən əsrin ortalarında Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə Azərbaycan incəsənətinə öz rəğbətini nümayiş etdirmişlər. Azərbaycan musiqisinin bu şah əsəri əvvəlcə 1957-ci ildə Uhanda, daha sonra 1959-cu ildə Pekində səhnələşdirilmişdir. Bu, Pekində səhnələşdirilən ilk xarici musiqi komediyası olmuşdur. Sözügedən tamaşadan sonra operetta Çində sürətlə populyarlaşmış, ölkə daxilində 300 dəfədən çox səhnəyə qoyulmuşdur.
Həmçinin Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun məşhur "Min bir gecə" baleti 23-25 avqust 2024-cü ildə Pekin Milli İfaçılıq Mərkəzində səhnəyə qoyulmuş və Çin tamaşaçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Baletin musiqisi Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin Simfonik Orkestri tərəfindən ifa olunmuşdur.
13 sentyabr 2025-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Respublikasının əməkdar artisti Əyyub Quliyevin bədii rəhbərliyi ilə Pekin şəhərindəki “Milli İfa Sənəti Mərkəzi”nin Konsert Zalında Çin Milli Baletinin Simfonik Orkestri tərəfindən klassik musiqi axşamı təşkil olunmuşdur. Konsert proqramında həmçinin tanınmış bəstəkar və pianoçu Tamilla Əhədova da çıxış etmişdir.
18 oktyabr 2025-ci ildə Bakı Dövlət Kamera Orkestrı dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Şanxay şəhərində keçirilən 24-cü Çin Beynəlxalq İncəsənət Festivalında konsert proqramı ilə çıxış etmişdir.
Pekin Dillər Universitetində Azərbaycan dili kafedrası fəaliyyət göstərir, Azərbaycan universitetlərində isə Konfutsi institutları öz işlərini uğurla davam etdirirlər. 28-29 sentyabr 2024-cü ildə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının təşəbbüsü və təşkilatçılığı, həmçinin AR-in ÇXR-dəki Səfirliyinin dəstəyi ilə PXDU-də “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi altında 1-ci Birinci Çin Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransı keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Çinə səfəri çərçivəsində 24 aprel 2025-ci ildə Pekin Xarici Dillər Universitetində olmuş, buradakı Azərbaycan dili kafedrasının fəaliyyəti ilə tanış olmuş, Universitetin prorektoru Gao Qanq və Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüşmüşdür. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu tərəfindən sözügedən ali təhsil müəssisəsinə 500-dən çox nəşr hədiyyə edilmiş və kafedranın fəaliyyətinə dəstək göstərilmişdir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə gənc azərbaycanlı alimlərin Pekin Xarici Dillər Universitetinə səfəri təşkil olunmuşdur.
7 dekabr 2023-cü ildə Bakı Dövlət Universiteti ilə Anhuy Universiteti və Çin Təhsil Nazirliyinin nəzdində Çin dili tədrisi və əməkdaşlığı Mərkəzi arasında üçtərəfli saziş imzalanmışdır.
İki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi davam etdirilir. Bakı səhəri ilə Sıçuan əyaləti, Gəncə şəhəri ilə Çindao şəhəri, Sumqayıt şəhəri ilə Çunçin şəhərinin Cyancin rayonu, Sian şəhəri, Myenyan şəhərləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması haqqında sənədlər imzalanmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə Çunçin və Urumçi şəhərləri arasında, Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonu arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması haqqında Memorandum imzalanmışdır.
İki ölkənin beyin mərkəzləri və elmi-akademik dairələr arasında əməkdaşlığın genişləndirilməsi sürətlə davam etdirilir. 2024-cü ildə Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilmiş konfransda Çinin müxtəlif beyin mərkəzlərinin nümayəndələri, alim və mütəxəssisləri iştirak etmişdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Araşdırmalar üzrə Şanxay İnstitutu 2025-ci ilin sentyabr ayında AQEM Beyin mərkəzləri Forumunun iclasını Bakıda birgə təşkil etmişdir.
27 may 2025-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinin paytaxtı Pekində keçirilən 11-ci “Çin və Qloballaşma” Forumuna tərəfdaş qismində qoşulmuşdur.