İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər

Diplomatik əlaqələrin qurulması

 

Azərbaycanın müstəqilliyinin 27 dekabr 1991-ci ildə Çin Xalq Respublikası tərəfindən tanınması və 2 aprel 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi 3 sentyabr 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Bünyad Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

 

Çin Xalq Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 1992-ci ilin avqust ayından fəaliyyət göstərir. 17 aprel 2025-ci ildə Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey etimadnaməsini Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.

 

Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoq mövcuddur. Ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan Respublikası “Bir Çin” siyasətini dəstəkləyir. Çin Xalq Respublikası isə Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə edir, BMT Təhlükəsizlik Şurasında Azərbaycan ilə bağlı məsələlərdə konstruktiv mövqe nümayiş etdirir.

 

Azərbaycan və Çin arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil edir. Ali səviyyədə keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bu əlaqələrin yeni keyfiyyətli məzmun ilə zənginləşdirilməsi razılaşdırılmışdır. 

 

Ali və yüksək səviyyəli səfərlər

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 7-10 mart 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün güclü bünövrə yaratmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına 17-19 mart 2005-ci ildə rəsmi, 8 avqust 2008-ci ildə işgüzar, 20-21 may 2014-cü ildə işgüzar, 8-11 dekabr 2015-ci ildə dövlət və 24-27 aprel 2019-cu ildə işgüzar səfərlər etmişdir.

 

03 iyul 2024-cü ildə Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyənnamə” qəbul edilmişdir.

 

23 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır. Həmçinin ali səfər çərçivəsində adi pasportlara malik vətəndaşların vizadan azad olunması da, daxil olmaqla müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 20 sənəd imzalanmışdır.

 

30 avqust - 3 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinə səfər edərək 1 sentyabr 2025-ci ildə Tiencin şəhərində keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı Plyus” formatında görüşdə və 3 sentyabr 2025-ci ildə Pekin şəhərinin Tiananmen Meydanında Yapon İstilasına Qarşı Çin Xalq Müqaviməti Müharibəsində və Dünya Antifaşist Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan və Çin Parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupuna millət vəkili Soltan Məmmədov rəhbərlik edir.

 

Çin-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici Əlaqələr Komitəsinin rəhbəri Lou Çincien rəhbərlik edir.   

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında müxtəlif sahələri (hüquq, maliyyə, səhiyyə, təhsil, turizm, kənd təsərrüfatı, idman və s.) əhatə edən 100-dən çox Saziş, Anlaşma Memorandumu və Protokol imzalanmışdır.

 

Əsas sənədlər:

  1. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dimlomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike. Bakı, 2 aprel 1992-ci il.

 

  1. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq münasibətlərinin əsasları haqqında Birgə Bəyanat. Pekin, 7 mart 1994-cü il.

 

  1. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında Birgə Bəyannamə. Pekin, 17 mart 2005-ci il.

 

  1. Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi. Pekin, 10 dekabr 2015-ci il.

 

  1. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyənnamə” Astana, 03 iyul 2024-cü il.

 

  1. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”  Pekin şəhəri, 23 aprel 2025-ci il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti