Çində 28 may - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilmişdir (2025)
28 may - Müstəqillik Günü münasibətilə tədbir
28 may - Müstəqillik Günü münasibətilə 28 may 2025-ci ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəsmi qəbul keçirilmişdir. Mərasimdə həmin gün Pekində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, həmçinin Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişdir.
Səfir Bünyad Hüseynov çıxışında bildirmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edərək regionun siyasi cəhətdən ən stabil, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22-24 aprel 2025-ci ildə Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dövlət başçılarımız tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır. Hazırda iqtisadiyyatın müxtəlif sahələri, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, yaşıl enerji, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq inkişaf etdirilir. Azərbaycanın üzərindən keçən nəqliyyat arteriyaları, yaradılmış müasir infrastruktur, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır. Zəngəzur dəhlizi təşəbbüsünün reallaşdırılması gələcəkdə “Kəmər və Yol təşəbbüsü”nə Azərbaycanın növbəti töhfəsi olacaqdır. Qarşılıqlı olaraq Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlər xalqlarımızın biri-birinə daha da yaxınlaşması üçün zəmin yaradır. Heydər Əliyev Fondu Çinli tərəfdaşları və xüsusilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə ölkələrimiz arasında humanitar əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif layihələri uğurla həyata keçirir.
ÇXR xarici işlər nazirinin köməkçisi Lyu Bin vurğulamışdır ki, zəhmətkeş Azərbaycan xalqı tərəfindən özünəməxsus möhtəşəm mədəniyyət yaradılmışdır. Prezident cənab İlham Əliyevin güclü liderliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyəti sabitliyi qoruyur, beynəlxalq təsiri nəzərəçarpacaq dərəcədə yüksəlir, xalqı isə rifah və xoşbəxtlik şəraitində yaşayır. Yaxşı dost və yaxşı tərəfdaş kimi Çin Azərbaycanın tərəqqisini görməkdən səmimi sevinc hissi duyur. Prezident cənab İlham Əliyevin Çinə uğurlu dövlət səfəri zamanı dövlət başçılarımız Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu bəyan etdilər. Beləliklə, bir il ərzində ikitərəfli münasibətlərdə iki dəfə sıçrayış əldə edildi. Çin və Azərbaycan arasında humanitar və mədəni mübadilə və əməkdaşlıq davamlı yüksəliş mərhələsindədir. Qarşılıqlı vizasız siyasətin tətbiq olunması ilə iki ölkə insanları qarşılıqlı olaraq istədikləri zaman səyahət edə bilərlər. Çin tərəfi Azərbaycan tərəfi ilə birgə iki ölkə başçısının əldə etdiyi mühüm konsensusu həyata keçirməyə, qarşılıqlı faydalı əməkdaşlığımızda daha çox nəticələr əldə etməyə və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının məzmununu davamlı olaraq zənginləşdirməyə hazırdır. Azərbaycanın Müstəqillik Günü münasibətilə Çin Xarici İşlər Nazirliyi adından Azərbaycandan olan bütün dostlarımıza təbriklərimi və xoş arzularımı çatdırıram. Çin-Azərbaycan dostluğunu dəstəkləyən hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.