Çində 28 may - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilmişdir (2024)
28 may - Müstəqillik Günü münasibətilə 28 may 2024-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində rəsmi qəbul keçirilmişdir. Mərasimdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişdir.
Səfir Bünyad Hüseynov çıxışında bildirmişdir ki, müstəqil Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulmuş ilk demokratik dövlətin - Azərbaycan Demokratik Respublikasının varisidir. Azərbaycan müstəqilliyinin ilk illərində ağır sınaqlarla üzləşmiş, aqressiv separatizmə, terrorizmə və qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda böyük zəfərlərə imza atır, xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycan Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, siyasi cəhətdən ən stabil, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə çevrilib. Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycanın öz əlverişli coğrafi mövqeyi sayəsində tarixən ticarət, mədəniyyət körpüsü rolunu oynayır. Dövlət başçıları cənab İlham Əliyevin və cənab Si Cinpinin səyləri nəticəsində Azərbaycan ilə Çin arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan üzərindən keçən nəqliyyat arteriyaları, yaradılmış müasir infrastruktur Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır, eyni zamanda, “Kəmər və yol təşəbbüsü”nə əhəmiyyətli töhfələr verir.
Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey vurğulamışdır ki, 2024-cü ilin fevralında keçirilmiş seçkilərdə cənab İlham Əliyevin yüksək səslə yenidən Azərbaycan Prezidenti seçilməsi onun xalqın dərin etimadını və məhəbbətini qazandığını tam şəkildə göstərir. Çin səmimi dost kimi Azərbaycanın öz milli şəraitinə uyğun inkişaf yolunu davam etdirməsini hər zaman dəstəkləyir. Əminik ki, Prezident cənab İlham Əliyevin güclü rəhbərliyi və bütün xalqın birgə səyləri ilə Azərbaycan dövlət quruculuğu sahəsində yeni və daha böyük nailiyyətlər əldə edəcəkdir. Dövlət başçılarımız cənab Si Cinpin və cənab İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan dostluğu, əməkdaşlığı sağlam və sabit şəkildə inkişaf edir. Hər iki tərəf siyasi etimadı yüksək səviyyədə qoruyur, iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığı möhkəm şəkildə irəliyə aparır. Çin Azərbaycan ilə “Kəmər və yol təşəbbüsü”nün birgə qurulmasını fürsət kimi dəyərləndirir, Azərbaycanın COP29 tədbirini uğurla keçirməsini tam dəstəkləyir.