Çinin nüfulzu “China Daily” qəzeti Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il” sərlövhəli məqaləsini yaymışdır.
https://www.chinadaily.com.cn/a/201910/16/WS5da6c7f8a310cf3e35570d75_1.html
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya qayıdışından sonra ötən 26 ildə ölkənin keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, bu dövr Azərbaycanın tarixində yeni səhifə açıb, yaranmış ictimai-siyasi sabitlik həyatın bütün sahələrində misilsiz inkişafa gətirib çıxarmışdır.
Məqalə Azərbaycanın milli siyasi doktrinasının varisliyi barədə oxucularda təsəvvür yaradır. Onu əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi barədə məlumatlandırır.
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) hazırki prezidenti olan Aslan Aslanov Azərbaycan dövlətinin müstəqillik illərində qazandığı mühüm uğurları, xüsusən ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır.
Ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da onun qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.
AZƏRTAC ilə "China Daily" qəzeti arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə əldə olunmuşdur. O vaxtdan bəri AZƏRTAC və “China Daily” ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə baş verən mühüm yeniliklər barədə informasiya mübadiləsi edir.
Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a cari ilin may ayında "China Daily" tərəfindən “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunmuşdur.

