Azərbaycan səfirliyi Pekində keçirilən xeyriyyə yarmarkasında iştirak edib.
Çin xarici işlər naziri Van İ-nin həyat yoldaşı Çian Veyin təşəbbüsü ilə Çinin paytaxtı Pekində “Sevgi sərhəd tanımır” adlı ənənəvi xeyriyyə yarmarkası keçirilib. Pekindəki Azərbaycan Səfirliyi də yarmarkada iştirak edib.
Azərbaycan Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda milli mədəniyyətimizi təbliğ edən müxtəlif eksponatlar, o cümlədən xalça, ənənəvi geyim nümunələri və müxtəlif suvenirlər nümayiş etdirilib. Bundan başqa, milli mətbəximizin təamlarından plov, dolma, kabab, kükü, manqal salatı, paxlava və şəkərbura, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab, konyak, kompot və mürəbbələr, habelə Azərbaycana aid rəmzlərin əks olunduğu papaqlar, toxuculuq nümunələri, idman köynəkləri, şərflər, əl çantaları, araxçınlar və kəlağayılar satışa çıxarılıb.
Çinin xarici işlər naziri Van İ və xanımı Azərbaycan pavilyonuna baş çəkib. Səfir Əkrəm Zeynallı qonağa milli pavilyonda nümayiş etdirilən Azərbaycanın tarixi və mədəniyyətinə dair eksponatlar barədə məlumat verib, xeyriyyə məqsədi ilə satışa çıxarılan Azərbaycan istehsalı olan məhsullar, suvenirlər və təamları təqdim edib. Van İ və xanımı Azərbaycan şərabının, kompotunun və paxlavasının dadına baxıblar.





