news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 fevral 2026

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Hörmətli cənab Sədr,

 

Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

 

Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətə minnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsi ilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çin təqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramının xalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

 

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir. Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

 

Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir.

 

Bu bayram münasibətilə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına isə daim əmin-amanlıq və rifah arzulayıram.

 

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2026-cı il

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti