news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 noyabr 2025

Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə 3 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində rəsmi qəbul keçirilmişdir. Mərasimdə Çin rəsmiləri, Pekin şəhərindəki diplomatik missiyaların rəhbərləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişdir.

Səfir Bünyad Hüseynov çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2025-ci il ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilmişdir. Bu qərarın qəbul edilməsi simvolik olmaqla yanaşı, həm də dərin məna kəsb edir. Belə ki, ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini - Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və 2020-ci il Vətən Müharibəsində ölkəmizin qazandığı şanlı qələbənin 5-ci ildönümünü özündə birləşdirir. Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni zamanda çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün bərpasını simvolizə edir. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin institusionallaşdırılmasının əsasını qoymuşdur. Eyni zamanda, 2020-ci il Vətən Müharibəsi və 2023-cü il lokal xarakterli anti-terror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyini bərpa edərək xalqımızın birliyini və gücünü bir daha təsdiq etmişdir. Bu gün Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası Konstitusiya dəyərlərini və beynəlxalq hüquq normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir. Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır.

Səfir B.Hüseynov tədbirin xüsusi qonağı - Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını qeyd etmişdir.

Tədbir zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi Orkestrinin hərbi qulluqçuları Cavid Mehdiyev, Cəlal Kərimov, Emin Kazımzadə və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Çilənay Bədəlovanın ifasında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim olunmuşdur. Həmçinin qonaqlar milli birliyimizin təcəssümü olan “Yallı” sədaları altında rəqs etmişlər.

Heydər Əliyev Fondu tərəfindən xüsusi olaraq hazırlanaraq Səfirliyə təqdim olunan Azərbaycan Respublikasının gözəl təbiətini, tarixi və mədəni abidələrini, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini, yurd-yuvalarından didərgin düşümüş insanların doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx iştirakçıların böyük marağına səbəb olmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti