Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Milli Məclisin sədri Boao Forumunun İllik Konfransında çıxış etmiş, həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb danışıqlar aparmışdır.
Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci bildirmişdir ki, Milli Məclisin sədrinin Asiya naminə Boao Forumunda iştirakı Azərbaycan tərəfinin ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyinin göstəricisidir. Son illərdə dövlət başçılarımızın müdrik rəhbərliyi altında ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib. Çin Xalq Nümayəndələri Yığıncağı dövlət başçılarının fəaliyyətini dəstəkləyir və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləməyə hazırdır. Çin vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycana bir daha təşəkkür edirik.
Öz növbəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova vurğulamışdır ki, dövlət başçılarımız arasında mövcud olan qarşılıqlı hörmət və etimad ölkələrimiz arasındakı tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2025-ci ildə ÇXR-ə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında sənəd imzalanıb. Parlamentlərimiz arasındakı münasibətlərin daha da genişlənməsi və qarşılıqlı səfərlərin artması ümumi fəaliyyətə əlavə töhfə verir. Azərbaycan “Bir Çin” siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib. Ölkələrimiz arasında həmçinin mədəni sahədə uğurlu layihələr həyata keçirilir, xüsusilə Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı yüksək əməkdaşlıq əlaqələri mövcuddur.